“Barselona”nın niderlandlı mərkəz yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2026-cı ilin yayında bitəcəkdi.
Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.
De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 267 oyun, 19 qol, 24 məhsuldar ötürmə.
Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 62 oyuna çıxıb, 2 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


