Bu gün Azərbaycan Basketbol Liqasının yeni mövsümündə ilk oyununa çıxacaq “Gəncə” heyətini daha 4 basketbolçu qatıb.
Arena.az xəbər verir ki, gəncəlilərin yeni oyunçularından biri legioner, digər üçün yerli basketbolçudur.
Amerika Birləşmiş Ştatlarından olan Kenyon Dulinqlə 1 illik müqavilə imzalanıb. 23 yaşlı basketbolçu 190 sm boya malikdir və pleymeyker mövqeyində çıxış edir. Onun son klubu vətənində “Dillard” olub.
Gəncənin eyniadlı təmsilçisi yerli basketbolçulardan da Əlibəy Məmmədli, Rüfət Mahmudzadə və Tariyel Yusifzadəni heyətinə qatıb. Onların hər biri ilə mövsümün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
Əlibəy Məmmədli müdafiəçi mövqeyində çıxış edir. Basketbolçu gənclərdən ibarət Azərbaycan milli komandasının üzvüdür.
Mərkəz hücumçusu olan Rüfət Mahmudzadə “Gəncə” üçün yad sima deyil. O, 2019-cü ildə bu komandanın heyətində çempionatın bürünc medalını qazanıb.
Tariyel Yusifzadə isə hücumçu mövqeyində oynayır. O da gənclərdən ibarət Azərbaycan yığmasının üzvüdür.
Xatırladaq ki, “Gəncə” yeni mövsümün açılış turunda ötən mövsümün qalibi olmuş “Sabah”ı sınağa çəkəcək.


