Yunanıstanın “Olimpiakos” klubunun sol vingeri Georgios Masuras bundan sonra “Boxum”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Bundesliqa təmsilçisi 31 yaşlı yunan futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.
Georgios Masuras “Apollon”un yetirməsi olsa da, peşəkar karyerasına “İlisiakos”da başlayıb. “Panionios”da da oynamış futbolçu 2019-cu ildən “Olimpiakos”un uğurları üçün çalışırdı. Onun bu klubla 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Masuras 2018-ci ilin noyabrında debüt etdiyi Yunanıstan yığmasında 47 oyuna 10 qol vurub.
“Boxum” “Maynts”ın mərkəz yarımmüdafiəçisi Tom Krausu da bu mövsümün sonunadək icarəyə götürüb. 23 yaşlı alman futbolçu “Leypsiq”in yetirməsidir. “Nürnberq”, “Şalke”, “Luton Taun” kimi klublarda da oynamış Kraus 2023-cü ildən “Maynts”ın formasını geyinir. O, Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.
“Maynts”ın hücumameyilli yarımmüdafiəçisi Aymen Barkok isə bu klubdan birdəfəlik ayrılaraq “Şalke”yə keçib. Əslən Mərakeşdən olsa da, Almaniyada dünyaya göz açmış Barkok bu ölkədə “Ayntraxt” (Frankfurt), “Fortuna” (Düsseldorf), “Herta” kimi klubların da formasını geyinib. O, 2022-ci ildən “Maynts”ın uğurları üçün çalışırdı. Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçi 2020-ci ildən Mərakeş millisində çıxış edir. O, bu komandanın heyətində 18 oyuna 1 qol da vurub.
“Boxum”da da dörd ayrılıq yaşanıb. Sözügedən klub 26 yaşlı alman yarımmüdafiəçi Lukas Daşneri “Sankt Qallen”ə, 28 yaşlı isveçrəli yarımmüdafiəçi Noa Loslini “Qroyter”ə, 23 yaşlı makedoniyalı dayaq yarımmüdafiəçisi Aqon Elezini “Qoritsa”ya, 26 yaşlı almaniyalı yarımmüdafiəçi Morits Kvartenqi də Düsseldor “Fortuna”sına icarəyə verib. Onlar bu mövsümün sonunadək icarədə olacaqlar.


