Gökhan Töre “Adana Dəmirspor”dan ayrıldı, klubsuz qaldı

Futbol üzrə Türkiyə milli komandasının yarımmüdafiəçisi Gökhan Töre “Adana Dəmirspor” klubu ilə yolları ayırıb. Arena.az xəbər verir ki, 31 yaşlı vingerlə müqaviləyə xitam verilib.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə bunlar qeyd olunub:

“Oyunçumuz Gökhan Törenin klubumuzla olan sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Ona klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, bundan sonrakı karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, Gökhan Töre “Adana Dəmirspor”a bu mövsümün əvvəlində, 2022-ci ilin sentyabr ayında azad agent kimi qoşulmuş və 3 illik müqaviləyə imza atmışdı. O, Adana təmsilçisinin heyətində cəmi 5 oyuna çıxıb. Təcrübəli vinger bu matçlarda 3 qol da vurub.

Peşəkar karyerasına Almaniyanın “Hamburq” komandasında başlamış Töre, “Rubin”, “Vest Hem” və “Yeni Malatyaspor” kimi klubların da formasını geyinib. O, karyerasının böyük hissəsini “Beşiktaş”da keçirib – 158 oyun, 22 qol və 30 məhsuldar ötürmə. Təcrübəli futbolçu Türkiyə millisində də 26 oyun keçirib, amma fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: