Gökhan Töre Super Liqada qaldı – “Qaziantep”də daha 4 ayrılıq

Bir neçə gün öncə “Adana Dəmirspor”la yollarını ayıran Türkiyə milli komandasının yarımmüdafiəçisi Gökhan Töre özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, 31 yaşlı vinger Super Liqanın digər təmsilçisi “Ankaragücü” ilə anlaşıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bu mövsümün sonunadək anlaşıblar.

Xatırladaq ki, Gökhan Töre “Adana Dəmirspor”a bu mövsümün əvvəlində, 2022-ci ilin sentyabr ayında azad agent kimi qoşulmuş və 3 illik müqaviləyə imza atmışdı. O, Adana təmsilçisinin heyətində cəmi 5 oyuna çıxıb. Təcrübəli vinger bu matçlarda 3 qol da vurub.

Peşəkar karyerasına Almaniyanın “Hamburq” komandasında başlamış Töre, “Rubin”, “Vest Hem” və “Yeni Malatyaspor” kimi klubların da formasını geyinib. O, karyerasının böyük hissəsini “Beşiktaş”da keçirib – 158 oyun, 22 qol və 30 məhsuldar ötürmə. Təcrübəli futbolçu Türkiyə millisində də 26 oyun keçirib, amma fərqlənə bilməyib.

“Qaziantep”də daha 4 ayrılıq!

“Ankaragücü” 2021-ci ilin yayında yollarını ayırdığı müdafiəçi Stelios Kitsiunu da heyətinə qaytarıb. Yunanıstandan olan 24 yaşlı mərkəz müdafiəçi 2021/22 mövsümünün əvvəlində azad agent kimi Super Liqanın digər təmsilçisi “Qaziantep”ə keçmiş və 2+1 illik müqaviləyə imza atmışdı. O, bu komandada 54 oyuna 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Lakin Türkiyədəki dəhşətli zəlzələdən sonra “Qaziantep”in Super Liqadan çəkilməsi əksər futbolçuların bu klubu tərk etməsinə səbəb oldu ki, bunlardan da biri Kitsiudur. Yunan müdafiəçi vaxtilə Ankara klubunda da 75 matç keçirib, 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Super Liqa klubu sabiq oyunçusu ilə bu mövsümün sonuna kimi anlaşıb. Yunanıstan yığmasında 2 oyun keçirmiş Kitsiu PAOK və “Sent-Trüden” klublarının da formasını geyinib.

“Ankaragücü” “Qaziantep”dən ayrılan çexiyalı sol cinah müdafiəçisi Matey Hanouseki də heyətinə qatıb. 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında bu komandada forma geyinəcək. “Qaziantep” onu bu mövsümün əvvəlində Çexiyanın “Sparta” (Praqa) klubundan 2023-cü ilin yayına kimi icarəyə götürmüşdü. Lakin məlum səbəblərdən o da klubsuz qaldığı üçün Super Liqanın digər təmsilçisinə keçməyə məcbur olub.

Matey Hanousek peşəkar karyerasına “Dukla” (Praqa) klubunda başlayıb. O, “Yablonets”, “Visla” (Krakov) kimi komandaların da formasını geyinib. Praqa “Sparta”sında 80 oyuna 3 qol vuran və 6 məhsuldar ötürmə müəllifi olan müdafiəçi, Çexiyanın gənclərdən ibarət yığmalarında da oynayıb.

“Ankaragücü” “Qaziantep”in mərkəz müdafiəçisi Arda Kızıldağı da icarəyə götürüb. 24 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi Ankara təmsilçisinin uğurları üçün çalışacaq. Türkiyəli futbolçu 2022-ci ilin yayından formasını geyindiyi “Qaziantep”də cəmi 9 oyuna çıxıb və 1 qol da vurub. O, daha öncə “Gənclərbirliyi” və “Hacettepespor” kimi klubların formasını geyinib, Türkiyənin U-21 və U-23 yığmalarında oynayıb.

Yeri gəlmişkən, “Qaziantep”in Çilidən olan sol cinah yarımmüdafiəçisi Anxelo Saqal da Super Liqa təmsilçisini Macarıstanın “Ferentsvaroş” komandasına dəyişib. 29 yaşlı vinger bu mövsümün sonuna kimi Macarıstanda icarədə oynayacaq.

Saqal 2021-ci ilin iyul ayından formasını geyindiyi “Qaziantep”də 51 oyuna 14 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Daha öncə Türkiyədə “Dənizlispor”un da formasını geyinmiş futbolçu, karyerası ərzində “Paçuka”, “Uaçipato”, “Reyncers” (Talka) və “Xuares” kimi klubların uğurları üçün çalışıb. O, Çilli milli komandasında da 18 oyuna 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: