Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində Azərbaycanı 14 güləşçi təmsil edəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Milli komandamızın 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə Olimpiadaya lisenziya qazanmağa çalışacaq.
Növbəti gün qadın güləşi üzrə millimizin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millimizin 5 üzvü “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaq. Bunlar Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvilidir (125 kq).
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.


