Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Girəsunspor” komandasının baş məşqçisi Hakan Keleş postundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə elita klubunun rəsmi saytı məlumat yayıb.
Super Liqanın 32-ci turu çərçivəsində baş tutan “İstanbulspor”la səfər oyununda 0:1 hesablı məğlubiyyətdən sonra baş məşqçi istefa qərarını rəhbərliyə çatdırıb. Klub rəhbərliyi də onun istefasını qəbul etmək məcburiyyətində qalıb.
“Girəsunspor” cari mövsümdə Super Liqada zəif çıxışı ilə diqqət mərkəzindədir. Komanda keçirdiyi 30 oyunda cəmi 6 qələbə qazanıb, 9 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. Girəsun təmsilçisi 27 xalla 19 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb və elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.
Xatırladaq ki, Hakan Keleş 2020-ci ilin avqust ayından “Girəsunspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 110 rəsmi matça çıxarıb. Girəsunlular bu görüşlərdə 44 qələbə qazanıblar, 25 heç-heçə ediblər və 41 məğlubiyyətə üzülüblər.
“Girəsunspor” 44 ildən sonra məhz Hakan Keleşin rəhbərliyi altında Super Liqaya vəsiqə qazanmışdı. Komanda 2021/2022 mövsümündən elitada mübarizə aparır.
H.Keleş daha öncə “Sivasspor”u da çalışdırıb. 51 yaşlı mütəxəssis bu klubda köməkçi məşqçi kimi də fəaliyyət göstərib.