Futbol üzrə İslandiya millisinin və Danimarkanın “Kopenhagen” klubunun yarımmüdafiəçisi Hakon Arnar Haraldsson “Lill”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı futbolçunun transferi Liqa 1 təmsilçisinə 12 milyon avroya başa gəlib. Gənc futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Hakon Arnar Haraldsson İslandiyanın “Akranes” klubunun yetirməsidir. 2020-ci ildən “Kopenhagen”də çıxış edən gənc yarımmüdafiəçi bu klubun əsas komandasında 58 oyun keçirib. O, bu oyunlarda 9 qol və 8 məhsuldar ötürmə müəllifi olub. İstedadlı futbolçu artıq İslandiyanın əsas milli komandasında da 11 matça çıxıb, 1 qol vurub.

Haraldssonun gəlişi ilə “Lill” öz yarımmüdafiəçisi Yonas Martinlə də yollarını ayırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yonas Martin ötən ilin yayında “Lill”ə qoşulmuşdu. 33 yaşlı fransız futbolçu bu komandada cəmi 13 oyuna çıxıb. O, karyerası ərzində “Monpelye”, “Strasburq”, “Renn”, “Amyen”, “Betis” kimi klublarda da forma geyinib.



