Norveç millisinin hücumçusu Erlinq Haland dünya çempionatının 1/8 finalında Braziliya yığması ilə oyundan sonra maraqlı açıqlama verib.
Arena.az xəbər verir ki, beşqat dünya çempionları üzərində qazanılan 2:1 hesablı qələbədə dublla pay sahibi olan Haland turnirdəki qol sayını 7-yə çatdıraraq bombardirlər siyahısında Lionel Messi və Kilian Mbappe ilə birgə ilk pillədə qərarlaşıb.
25 yaşlı hücumçu mundialda hər oyundan sonra yeni zirvəyə yüksəldiyini bildirib:
“Bu turnir ərzində bir neçə dəfə zirvəyə çatdığımı düşünmüşəm. Amma hər dəfə qarşıda yeni bir zirvə yaranır”, – deyə Haland bildirib.
Norveçli futbolçu qol epizodlarını necə bu qədər yüksək dəqiqliklə dəyərləndirməsi barədə də danışıb:
“Əgər mənim bir və ya iki qol imkanımsa olursa, onlar adətən qolla nəticələnir. Açığı, bunu necə etdiyimi tam bilmirəm. Bu, sadəcə mənim oyun tərzimdir. Əsas məsələ diqqəti itirməməkdir. Fürsət yaranan kimi nə etməli olduğumu dəqiq bilirəm”.
Qeyd edək ki, Haland dünya çempionatının ilk dörd oyununda 7 qol vurmaqla son 56 ilin rekordunu təkrarlayıb. O, həmçinin debüt etdiyi mundialda 7 qol vuran ilk futbolçu kimi son 52 ilin ən yaxşı göstəricisinə imza atıb.
Norveç millisi 1/4 finalda İngiltərə ilə qarşılaşacaq. Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və iyulun 19-da başa çatacaq.


