Almaniya yığmasının sabiq futbolçusu Ditmar Hamann bundestimin hazırkı baş məşqçisi Yulian Nagelsmanı tənqid edib.
Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, Hamann Nagelsmanın sevgilisi ilə birlikdə Almaniya Kubokunun “Ştutqart” – “Borussiya” (Dortmund) oyununa (2:0) buyurmasını qəbul edə bilmir:
“Mən bunu görəndə bunun doğru ola bilməyəcəyini düşündüm. Milli komanda qulaqlarına qədər suyun içindədir və məşqçi “Hər şey yaxşı olacaq” şüarı ilə Ştutqarta ailəvi səfərə yollanır. Mənim üçün bu qeyri-peşəkar və anlaşılmazdır. Cahillik nöqteyi-nəzərindən belə bir şeyə qalib gəlmək çətindir”, deyə Hamann bildirib.
Xatırladaq ki, Nagelsman cari ilin payızında Almaniya yığmasına baş məşqçi təyin edlib. Nagelsmanın rəhbərliyi altında bundestim 4 yoldaşlıq oyunu keçirib, 1 qələbə qazanıb, 2 dəfə uduzub və bir dəfə heç-heçə oynayıb.
Mütəxəssislər yekdilliklə Almaniya yığmasında oyun böhranı yaşandığını vurğulayırlar. Vurğulayaq ki, bundestim qarşıdakı 2024-cü il Avropa çempionatında meydan sahibi olaraq çıxış edəcək. Almaniya futbol ictimaiyyətində yığma komandanın ev turnirində belə bərbad oyunla çıxış edib, müsibətlə qarşılaşaraq biabır olacağından ehtiyatlanırlar.


