Hans-Diter Flik: “Bunun üçün resurslarımız yoxdur”

Millinin uğursuz nəticələrinə baxmayaraaq, Hans-Diter Flik hələ də Almaniya yığmasının baş məşqçisi vəzifəsində qalacağına inanır.

Arena.az məlumat verir ki, Almaniya yığması son 5 oyunda heç bir qələbə qazanmayıb – “bundestim”in 4 məğlubiyyəti və 1 heç-heçəsi var.

Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq oyunu çərçivəsində Yaponiya yığmasına biabırçı hesabla uduzub (1:4). Flik bu xüsusda RTL televiziyasının efirində danışıb:

“Biz komandanı həmişə mükəmməl hazırlamaq üçün əlimizdən gələni edirik. Düşünürəm ki, biz (məşqçilər qərargahı – redaktorun qeydi) bunu yaxşı bacarırıq və mən uyğun məşqçiyəm.

Hər şeydən əvvəl, biz çox məyus olmuşuq. Etiraf etməliyik ki, Yaponiya yaxşı komandadır. Hazırda belə yığcam müdafiənin öhdəsindən gəlmək üçün bizim resurslarımız yoxdur. Bunlar sadəcə kifayət deyil.

Oyuna yaxşı başladıq, amma Yaponiyanın ilk imkanı qol oldu. Sonra hesabda tarazlıq yaradıb 1:1 etdik, sonra dərhal yenə qol buraxdıq.
Düşünmürəm ki, futbolçuları nədəsə qınamaq olar. Dəfələrlə cəhd etdilər, amma sonra fərdi səhvlərə yol verdilər. Rəqib bundan yararlandı və qələbəni haqq etdi”.

Flik Almaniya yığmasının sükanı arxasında 25 oyuna çıxıb, 12 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyət alıb, top fərqi isə 60:30 (+30)-dur.

“Bundestim” Yaponiya yığması ilə 6 dəfə qarşılaşıb. Statistika belədir: 2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi isə 9:9-dur.