“Barselona”nın yeni baş məşqçisi Hansi Flik İspaniya nəhənginin sükanı arxasına təyin edilməsini şərh edib.
Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Komandanın fəlsəfəsi mənimkinə uyğun gəlir – mən də topa sahib olmaqla hücum futboluna üstünlük verirəm. Biz isə məhz bu istiqamətdə irəliləyəcəyik. “Barselona”da dünyanın ən yaxşı yetirmələri var. Əsas komanda gənc oyunçular arasında təcrübə və istedadın vəhdətini təcəssiüm etdirir. Onların inkişafı üçün hər şeyi edəcəyik.
Klubun idman direktoru Deku və prezident Laporta ilə birlikdə çalışacağıq. Komanda işi mənim üçün hər məqamdan əvvəl gəlir. Biz birlikdə bu komandanın məqsədinə nail olmağa diqqət edəcəyik. Mən hədsiz dərəcədə şadam ki, bütün bu insanlarla belə bir klubda işləməli olacağam”.
Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.
Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.
Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Həmin mövsüm Flik 6 təqdimat üzrə ən yaxşı məşqçi adını qazanıb. Bura, UEFA-ya görə ilin məşqçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə ilin klub məşqçisi, “World Soccer”ə görə ilin çalışdırıcısı, “Globe Soccer Awards”a görə ilin ən yaxşı məşqçisi, Alman İdman Jurnalistləri Assosiasiyasına görə ilin alman futbol məşqçisi və Bundesliqada ilin məşqçisi təqdimatları üzrə qalibiyyətlər daxildir.
Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.
2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.


