Hansi Flik Lamin Yamala məsləhət verdi

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın ispaniyalı yeniyetmə cinah hücumçusu Lamin Yamala məsləhət verib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Alman mütəxəssisin fikrincə, bu məsləhətə əməl edəcəyi halda, Yamalı futbolda böyük gələcək gözləyir:

“Mən düşünürəm ki, Lamin yüksək səviyyədədir, amma onun yaşında o, tərəqqi edə bilər və bunu etməlidir. Onun günbəgün məşq etdiyini görmək çox xoşdur. Amma ona irəliləmək, inkişaf etmək, çox çalışmaq gərəkdir… Məncə, bu, yaxşı məsləhətdir. Böyük çempion olmaq istəyirsə, ona çox dincəlmək müyəssər olmayacaq, işləməyə və çalışmağa davam etməlidir”, deyə Hansi Flik Lamin Yamal üçün “uğur düsturu”nu açıqlayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 55 oyun, 8 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: