“Nottingem Forest”in müdafiəçisi Harri Toffolo İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 5 aylıq müddətə futboldan kənarlaşdırılıb.
Arena.az BBC-yə istinadən məlumat verir ki, sol cinah müdafiəçisi bukmeker kontorlarında idman oyunlarına mərc qoyuluşu etdiyi üçün cəzalandırılıb.
Toffolonun cəzası şərti xarakter daşıyır. Mənbənin məlumatına görə, o, 22 yanvar 2014-cü il – 18 mart 2017-ci il tarixləri arasında oyunçulara mərc oyunlarına qoyuluş etməyi və mərc etmək üçün istifadə edilə bilən məlumatı ötürməyi qadağan edən Futbol Assosiasiyası qaydalarını 375 dəfə pozub. Həmin vaxt Toffolo “Norviç Siti”nin oyunçusu olub və “Suindon”, “Roterem”, “Piterboro” və “Skantorp”da icarə əsasında top qovub.
Toffolo təxminən 25 min avro məbləğində cərimə də ödəyəcək.
Toffolo “Nottingem Forest”də 2022-ci ilin iyul ayından çıxış edir. Müdafiəçinin “meşəçilər”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Harri cari mövsümdə “Nottingem Forest”in heyətində cəmi bir oyuna çıxıb.
Harri İngiltərə yığmasının əsas komandasında oynamasa da, aşağı yaş qruplarından ibarət U-18, U-19, U-20 yığmalarında müvafiq olaraq 1, 4, 5 sayda oyun keçirib.
“Transfermarkt” internet-portalı 28 yaşlı futbolçunu 3,5 milyon avro məbləğində qiymətləndirir.


