Yeni mövsümə hazırlığını davam etdirən “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Turan Tovuz”la yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan və 1:5 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra bunları söyləyib:
“Məşqlərə bir neçə gündür başlamışıq. Heyətimizə cəlb etdiyimiz oyunçular arasında zədəlilər də var. Ümumiyyətlə, bu oyunu keçirməkdə məqsədimiz futbolçuları meydanda yoxlamaq idi. Verilən tapşırıqların öhdəsindən təxminən 50-60 faiz gəldilər. Onların tam formada olmadıqlarını da nəzərə almaq lazımdır. 1-2 tur çətinliyimiz olacaq. Sonra isə işlər öz axarına düşəcək”.
Azər Bağırov hazırlıq prosesinin gec başlamasından və transferlərin yubanmasından gileylənməyi də unutmayıb: “İndiki məqamda hazırlıq prosesindən tam razı deyiləm. Çünki tam heyətlə hazırlıq keçə bilmirik. Transfer çalışmalarında müəyyən qədər gecikirik. Hücum və yarımmüdafiə xəttində legionerləri görmək istərdik. Çalışacağıq ki, bu işləri tezliklə yekunlaşdıraq”.


