Herve Renar Tunis millisini tərk etdi – Rəsmi

Fransalı futbol mütəxəssisi Herve Renar Tunis milli komandasının baş məşqçisi postundan ayrıldığını açıqlayıb.

Arena.az xəbər verir ki, 57 yaşlı məşqçi qərarını sosial şəbəkə hesabında təsdiqləyərək Tunis Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edib:

“Mənə 2026-cı il dünya çempionatında iştirak etmək imkanı yaratdığı üçün Tunis Futbol Federasiyasına səmimi təşəkkürümü bildirirəm. Bu macəram artıq başa çatır”, – deyə Renar paylaşımında qeyd edib.

Xatırladaq ki, Herve Renar DÇ-2026 zamanı, qrup mərhələsinin ilk turundan sonra – Tunisin İsveçə 1:5 hesabı ilə məğlubiyyətindən sonra millinin sükanı arxasına keçmişdi. Lakin onun rəhbərliyi altında komanda növbəti oyunlarda da uğursuz çıxış edib. Tunis yığması Yaponiyaya 0:4, Niderlanda isə 1:3 hesabı ilə uduzub və qrup mərhələsini keçə bilməyib.

Təcrübəli məşqçi dünya çempionatından əvvəl də Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsindən ayrılmışdı. Tunis yığması onun milli komandalar səviyyəsində çalışdırdığı növbəti kollektiv olub.

Herve Renar Afrika futbolunun ən uğurlu məşqçilərindən biri hesab edilir. O, karyerası ərzində Zambiya, Kot-d’İvuar, Mərakeş, Anqola, Səudiyyə Ərəbistanı və Tunis millilərini çalışdırıb. Renar həm Zambiya (2012), həm də Kot-d’İvuar (2015) yığmalarını Afrika Millətlər Kubokunun qalibi edərək turniri iki müxtəlif milli komanda ilə qazanmış ilk baş məşqçi kimi tarixə düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: