Huqo Novoa “Alaves”də – “Leypsiq”in qazancı…

Almaniyanın “Leypsiq” klubunun sağ cinah müdafiəçisi Huqo Novoa bundan sonra “Alaves” komandasının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi ispan futbolçunu 1,5 milyon avro müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Huqo Novoa futbola İspaniyanın “Deportivo” klubunda başlasa da, “Leypsiq”in yetirməsi hesab olunur. O, son illərdə “Bazel”, “Utrext” və “Vilyarreal”da icarədə də çıxış edib. İspan müdafiəçi Bundesliqa klubunun əsas komandasında 23 oyuna çıxıb, 2 qola imza atıb.

Novoa İspaniyanın müxtəlif yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Alaves” Bilbao “Atletik”inin hücumçusu Asyer Vilyalibrenin də transfer hüquqlarını alıb. Vilyalibre 2023-cü ilin yanvarından “Alaves”də icarədə idi. 26 yaşlı ispan forvard bu komandada 20 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Real Valyadolid”, “Lorka”, “Numansiya” kimi klublarda da çıxış edib, İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.

Asyer Vilyalibreni satan “Atletik”də daha üç futbolçu ilə yollar ayrılıb. Bilbao təmsilçisinin mərkəz yarımmüdafiəçisi Dani Qarsiya azad agent kimi Yunanıstan “Olimpiakos” klubuna keçib. 34 yaşlı ispan futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb. “Atletik”də 195 oyun keçirmiş, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olmuş təcrübəli oyunçu, “Eybar” və “Alikante”də də çıxış edib.

“Atletik”in sol cinah müdafiəçisi İmanol Qarsiya de Albeniz Praqa “Sparta”sına satılıb. İspaniya klubu bu satışdan 500 min avro qazanıb. “Atletik”in əsas komandasında 10 oyun keçirmiş 24 yaşlı ispan futbolçu “Mirandes” və “Eybar”da da forma geyinib.

“Atletik” mərkəz yarımmüdafiəçisi Unai Vensedoru da “Rasinq”ə icarəyə verib. 23 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Atletik”lə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi olan yarımmüdafiəçi bu klubun əsas komandasında 82 oyun keçirib, 1 qol vurub. O, daha öncə “Eybar”da da icarədə olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: