Futbol üzrə Seneqal milli komandasının dayaq yarımmüdafiəçisi, 36 yaşlı İdrissa Queye İngiltərənin “Everton” klubundan ayrılıb.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
Seneqallı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib və o, azad agent statusu qazanıb.
Queye “Qudison Park”dakı iki dövrü ərzində (2016–2019 və 2022–2026) “Everton”un heyətində bütün turnirlərdə 236 oyuna çıxıb. O, bu matçlarda 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Komandanın baş məşqçisi Devid Moyes futbolçuya təşəkkürünü bildirib:
“Hamımız İdrissaya onun zəhmətkeşliyi, peşəkarlığı və komandaya verdiyi töhfəyə görə minnətdarıq. O, hər iki dönəmdə klub üçün çox iş gördü. İdrissanın liderlik keyfiyyətləri həm paltardəyişmə otağında, həm də meydandan kənarda özünü göstərirdi. Xüsusilə də “Qudison Park”dakı son mövsümümüzdə onun rolu böyük oldu. Klubumuzun qapıları İdrissanın üzünə hər zaman açıq olacaq. Ona və ailəsinə gələcək həyatında uğurlar arzulayırıq”.
Queyenin karyerasını davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil. Onun karyerasını bitirməsi də istisna edilmir.
Xatırladaq ki, İdrissa Queye karyerası ərzində “Lill”, “Aston Villa”, PSJ kimi klubların da şərəfini qoruyub, Seneqal yığmasında keçirdiyi 135 oyunda 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.


