IFFHS 2024-cü ilin ən yaxşı baş məşqçinin adını açıqladı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin milli komanda səviyyəsində ən yaxşı məşqçisinin adını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına əsasən, bu ada İspaniya millisinin çalışdırıcısı Luis De La Fuente layiq görülüb. 63 yaşlı mütəxəssis 274 xalla birinci olub.

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ikinci yeri tutub. İlk “üçlüy”ü Fransa yığmasını çalışdıran Didye Deşam qapayıb.

Bütövlükdə 10 məşqçidən ibarət siyahıda bu mütəxəssislər yer alıblar:

  1. Luis de la Fuente (İspaniya) – 274
  2. Lionel Skaloni (Argentina) – 148
  3. Didye Deşam (Fransa) – 35
  4. Qaret Sautqeyt (İngiltərə) – 26
  5. Emerson Fae (Kot-d’İvuar) – 18
  6. Yulian Nagelsman (Almaniya) – 17
  7. Nestor Lorenso (Kolumbiya) – 14
  8. Vinçentso Montella (Türkiyə) – 8
  9. Villi Sanyol (Gürcüstan) – 6
  10. Marselo Byelsa (Uruqvay) – 5

Xatırladaq ki, Luis de la Fuente İspaniya yığmasını 2023-cü il yanvarın 1-dən çalışdırır. İspan mütəxəssis təyinatından sonra yığmanın tərəqqisinə nail ola bilib. 2023-cü ildə İspaniya yığması UEFA Millətlər Liqasının finalında Xorvatiya yığmasını penaltilər silsiləsində məğlub edərək (əsas vaxt – 0:0, penaltilərlə – 5:4) yarışın qalibi olub.

İspaniya yığması bu il Almaniyada keçirilmiş Avropa çempionatında (AÇ-2024) da meydana çıxdığı 7 oyunun hamısında qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempion olub. Bununla da Luis de la Fuentenin “qırmızı qəzəbi” mütləq rekord müəyyənləşdirib.

İspaniya yığması AÇ-2024-ün qrup mərhələsinin “B” qrupunda Xorvatiya (3:0), AÇ-2020-nin qalibi İtaliya (1:0), Albaniya (1:0), 1/8 finalda Gürcüstan (4:1), 1/4 finalda yarışın ev sahibi Almaniya (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), yarımfinalda DÇ-2022-nin finalçısı Fransa (2:1) yığmaları üzərində qələbələri sıralayıb. Finalda isə Luis de la Fuentenin İspaniyası AÇ-2020-nin finalçısı İngiltərə yığmasını məğlub edib – 2:1.

Xəbəri sosial şəbəkələrdə paylaş: