Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
IFFHS-nin versiyasına əsasən, bu ada İspaniya millisinin və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri layiq görülüb. 28 yaşlı oyunçu 191 xalla birinci olub.
Braziliya millisinin və İspaniyanın “Real” klubunun oyunçusu Vinisius Junior (166 xal) ikinci yeri tutub. İlk “3-lüy”ü 62 xalla “Real”ın digər üzvü, İngiltərə millisinin də şərəfini qoruyan Cud Bellingem (62 xal) qapayıb.
2024-cü ilin ən yaxşı oyunçuları
- Rodri (İspaniya, “Mançester Siti”) – 191
- Vinisius Junior (Braziliya, “Real”) – 166
- Cud Bellingem (İngiltərə, “Real) – 62
- Lamin Yamal (İspaniya, “Barselona”) – 39
- Erlinq Haland (Norveç, “Mançester Siti”) – 35
- Dani Karvaxal (İspaniya, “Real”) – 35
- Toni Kroos (Almaniya, “Real) – 10
- Harri Keyn (İngiltərə, “Bayern”) – 9
- Lautaro Martines (Argentina, “İnter”) – 8
- Kilian Mbappe (Fransa, PSJ/“Real”) – 7
Xatırladaq ki, Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.


