Bu gün Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda 8-ci hesabat-seçki baş məclisi keçirilib. Arena.az xəbər verir ki, əvvəlcə MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.
Hesabat-seçki baş məclisin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən MOK-un prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər.
İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. MOK-un mətbuat xidmətinin məlumatına görə, Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası da olub. İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin yeni baş katibi seçilib. Azər Əliyev bu postda Ağacan Əbiyevi əvəzləyib.
Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. Çingiz Hüseynzadə yeni müddətə seçilib. Gənclər və idman naziri Fərid Qayıbov mərhum sələfi Azad Rəhimovu əvəzləyib. Zemfira Mehfahəddinova isə Xəzər İsayevin yerinə seçilib.
Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.
Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb. MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti baş məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirib. Məhz həmin toplantıda İlham Əliyev ilk dəfə MOK-un prezidenti seçilib.


