“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan La Liqanın 32-ci turunda “Real”la qarşıdakı “el klasiko”dan gözləntilərini paylaşıb.
Arena.az xatırladır ki, almaniyalı futbolçu matçdan öncə yerli mətbuata açıqlamasında bunları dil gətirib:
“Real”a qalib gəlmək üçün ilk növbədə imkanlarımızdan yararlanmaq gərəkdir. Bundan əlavə, onların məqamlarını ən azına endirməyə çalışmalıyıq. Etiraf etməliyəm ki, onların xüsusi keyfiyyəti var – əgər onların yalnız bir imkanı varsa, təhlükəli olmasa belə, onu qola çevirə bilirlər”, deyə Kataloniya nəhənginin mərkəz yarımmüdafiəçisi vurğulayıb.
Xatırladaq ki, İlkay “Barselona”ya 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində keçib. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Gündoğan “Barselona”nın heyətində 45 oyuna çıxıb, 5 qol vurub, 11 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, İlkay geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərib. O, uzun illər “şəhərlilər”in kapitanı olub.
İlkay Gündoğan kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 75 oyuna 18 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “el klasiko” bu gün – aprelin 21-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
31 oyundan 78 xalla “Real” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” 70 xalla 2-ci pillədə qərarlaşıb.