21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü, “Zirə”nin hücumameyilli yarımmüdafiəçisi İlkin Muradov “Səbail”ə keçib. Arena.az xəbər verir ki, bu barədə Zirənin eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qəsəbə təmsilçisi sosial şəbəkə hesabı vasitəsilə 26 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər autsayderlər zonasında qərarlaşan kluba icarəyə verdiyini açıqlayıb.
Qeyd edək ki, bu, “Səbail”in qış transfer pəncərəsində 4-cü transferidir. Şahin Diniyevin çalışdırdığı komanda buna qədər qış transfer pəncərəsində David Qomis, Matiya Lyuyiç və Mirəli Əhmədovu transfer etmişdi.
Xatırladaq ki, İlkin Muradov “Zirə”nin öz yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 136 oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasında da 4 oyun keçirib. “Səbail” onun karyerasında ikinci komanda olacaq.
Yeri gəlmişkən, “Zirə”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Bu posta klubun akademiyasının rəhbəri Zaur Həşimov təyin edilib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, gənc mütəxəssis cari mövsümün sonuna qədər bu vəzifəni icra edəcək.
Xatırladaq ki, “Zirə”nin əvəzedici komandasına buna qədər Azər Məmmədov rəhbərlik edirdi. Lakin o, Şahin Diniyevin “Səbail”ə baş məşqçi təyin olunmasından sonra qəsəbə təmsilçisindən ayrılaraq “dənizçilər”də köməkçi-məşqçi kimi fəaliyyətə başlayıb. Bu üzdən də “Zirə”nin əvəzedici komandası baş məşqçisiz qalmışdı.


