Oktyabrın 21-də “Mançester Yunayted”in və İngiltərə yığmasının əfsanəvi futbolçusu Ser Bobbi Çarlton 87 yaşında dünyasını dəyişib.
Arena.az məlumat verir ki, 2020-ci ildə Çarltona demansiya diaqnozu qoyulmuşdu.
Demansiya beyinin zədələnməsi ilə bağlı olan, psixi funksiyaların pozulmasına, yaddaş itkisinə, əvvəllər əldə edilmiş biliklərin və təcrübi bacarıqların itirilməsinə səbəb olan xəstəlikdir. Xəstənin gündəlik fəaliyyəti pozulur və ona daimi qulluq tələb olunur.
Ser Bobbi Çarlton İngiltərə tarixinin ən yaxşı futbolçularından biri hesab edilir. Çarlton İngiltərə yığması ilə 1966-cı il dünya çempionatının, 1968-ci ildə “Mançester Yunayted”lə Çempionlar Kubokunun qalibi olub. Həmçinin əfsanəvi ingilis futbolçu 1966-cı il mövsümü “Qızıl top” mükafatının qalibidir. Çarlton 1958-ci ildə “Mançester Yunayted” futbolçularının və məşqçi heyətinin ölümü ilə nəticələnmiş Münhen aviaqəzasından sağ çıxanlardan biri idi.


