İngiltərə İtaliya üzərində qələbə ilə AÇ-2024-ə vəsiqə qazandı

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 8-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qrup (C, G və H qrupları) üzrə 7 qarşılaşma baş tutub.

C qrupunda İngiltərə – İtaliya matçı böyük maraqla gözlənilirdi. Qarşılaşmada hesabı italyanlar açsa da, yekunda ingilislər əzmkar qələbə sayəsində AÇ-yə vəsiqəni təmin ediblər. Ukrayna yığması isə Maltanın qonağı olub və qələbə qazanmaqla ikinci pilləyə yüksəliblər.

G qrupunda Litva – Macarıstan və Serbiya – Monteneqro görüşləri baş tutub. Litvada məhsuldar heç-heçənin qeydə alındığı gündə serblər doğma meydanda inamlı qələbəyə seviniblər. Bu nəticələrdən sonra Macarıstan yığması da qarşıdakı Avropa çempionatına vəsiqə qazanıb.

H qrupunda isə Finlandiya Qazaxıstanı, Şimali İrlandiya Sloveniyanı, San Marino da Danimarkanı qəbul edib. Hər üç oyunda qonaqlar qələbə qazanıblar.

Xatırladaq ki, artıq Portuqaliya, Fransa, Belçika, İspaniya, Şotlandiya, Türkiyə və Belçika yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.

Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 8-ci tur
17 oktyabr

C qrupu

İngiltərə – İtaliya 3:1
Qollar: Keyn, 32-pen; 77. Raşford, 57 – Skamakka, 15.

Malta – Ukrayna 1:3
Qollar: Mbonq, 12 – Kamenzuli, 38-öz qapısına. Dovbik, 43-pen. Mudrik, 85.

Xal: İngiltərə – 16. Ukrayna – 13. İtaliya – 10. Şimali Makedoniya – 7. Malta – 0.

G qrupu

Litva – Macarıstan 2:2
Qollar: Çernıx, 20. Sirvis, 36 – Soboslai, 67. Varqa, 82.

Serbiya – Monteneqro 3:1
Qollar: Mitroviç, 9; 73. Tadiç, 77 – Yovetiç, 36.

Xal: Macarıstan – 14. Serbiya – 13. Monteneqro – 8. Litva – 6. Bolqarıstan – 2.

H qrupu

Finlandiya – Qazaxıstan 1:2
Qollar: Teylor, 28 – Zaynutdinov, 77-pen; 89.

Şimali İrlandiya – Sloveniya 0:1
Qol: Çerin, 5.

San Marino – Danimarka 1:2
Qollar: Qolinuççi, 61 – Hoylund, 42. Poulsen, 70.

Xal: Sloveniya – 19. Danimarka – 19. Qazaxıstan – 15. Finlandiya – 12. Şimali İrlandiya – 6. San Marino – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: