“İnter” Ademola Lukmana marağını təsdiqlədi

“İnter”in idman direktoru Pyero Auzilio “neradzurri”nin “Atlanta”nın 27 yaşlı nigeriyalı hücumçusu Ademola Lukmanı istədiyini bildirib.

Arena.az “SkySport” dərgisinə istinadən, Auzilionun müvafiq açıqlamasını təqdim edir:

“Biz Ademola Lukmanı imzalamaq istəyirik. Təsdiq edə bilərəm ki, biz öz niyyətimizi “Atalanta”ya aydın surətdə bildirmişik və ümidvarıq ki, onlar bizim təklifimizi baxışdan keçirəcəklər. Lukman – bizim əsas hədəfimizdir”, deyə “İnter” rəsmisi vurğulayıb.

Ademola Lukman “Çarlton”un məzunudur. Hücumçu, karyerası ərzində “Everton”, “Leypsiq”, “Fulhem” və “Lester Siti”də oynayıb.

“Atalanta” Lukmanı 2022-ci ilin avqust ayında 9,35 milyon avro məbləğ müqabilində “Leypsiq”dən heyətinə qatıb. Nigeriyalı hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsinin müddəti 2027-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Lukman “Atalanta”nın heyətində 40 oyuna çıxıb, 20 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukmanın “Atalanta”nın heyətində çıxışının ümumi mənzərəsi isə 118 oyun, 52 qol, 25 məhsuldar ötürmədən ibarətdir.

Ademola Lukman 2022-ci ilin mart ayında debüt etdiyi Nigeriya yığmasının heyətində 29 oyuna 8 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. Nigeriya yığmasında debütə qədər Lukman İngiltərənin U-19, U-20 və U-21 yığmalarında çıxış edib.

Nigeriyalı hücumçunun qənimətlər muzeyində ilk klub qəniməti məhz 2023/2024-cü illər mövsümü Avropa Liqasının kubokudur. Həmçinin Lukman İngiltərənin U-20 yığması ilə Dünya Kubokunun (2017) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı nigeriyalı hücumçunun transfer qiymətini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: