İtaliyanın “İnter” klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “neradzurra” “Roma”dan Edin Dzekonu, PSV-dən isə Denzel Dumfrisi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı müdafiəçi Dumfrislə 4, bosniyalı hücumçu Dzeko ilə isə 2 illik müqavilə imzalanıb.
Bosniya və Herseqovina yığmasının da üzvü olan Dzeko, 2015-ci ildən “Roma”da çıxış edirdi. O, əvvəllər “Mançester Siti”, “Volfsburq”, “Usti nad Labem”, “Teplitse” və “Jelezniçar”da da forma geyinib. Ölkəsinin yığmasında 114 matça çıxmış 35 yaşlı forvard, 59 qola imza atıb.
Dumfris isə 2018-ci ildən PSV-də çıxış edirdi. 25 yaşlı sağ cinah müdafiəçisi əvvəllər “Herenven” və “Sparta” (Rotterdam) klublarında da forma geyinib. O, 2018-ci ildən Niderland millisinə də dəvət alır.



