İtaliya nəhəngi “İnter” “neradzurri”nin 27 yaşlı argentinalı mərkəz hücumçusu Lautaro Martinesin xidmətindən məhrum olub.
Arena.az bu barədə “İnter”in rəsmi saytına istinadən məlumat verir:
“Bu gün səhər (mayın 2-də – redaktorun qeydi) Lautaro Martines müxtəlik kliniki və instrumental müayinələrdən keçib. Aşkarlanıb ki, argentinalı hücumçunun sol budunun əyici əzələsi gərilib. Onun səhhəti günbəgün müşahidə ediləcək” – “neradzurri”nin mətbuat xidməti bildirib.
Martinesin sıraya qayıdacağı tarix dəqiq məlum deyil. “Sky Italia” dərgisnin məlumatına görə, “İnter”in aparıcı hücumçusu Çempionlar Liqasının yarımfinal mərhələsinin Milanda “Barselona” ilə cavab oyununu (ilk oyun 3:3) buraxmalı olacaq.
Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 47 oyuna çıxıb, 21 qol vurub, 6 məhsuldar ötürmə verib.
Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 329 oyun, 150 qol, 49 məhsuldar ötürmədən ibarətdir.
Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 95 milyon avro məbləğində qiymətləndirir.


