Amerika Birləşmiş Ştatlarının (ABŞ) “İnter Mayami” klubu yeni transferi Lionel Messini rəsmən təqdim edib.
Arena.az xəbər verir ki, MLS təmsilçisi 36 yaşlı hücumçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.
Ulduz futbolçu ilə müddəti 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Təcrübəli hücumçunun 10 nömrəli formada çıxış edəcəyi də rəsmən təsdiqlənib.
Xatırladaq ki, “İnter Mayami” Lionel Messini hələ iyunun 8-də transfer etmişdi. Amma klub bu transferi rəsmən açıqlamaq üçün futbolçunun Mayamiyə gəlməsini gözləməyi üstün tutmuşdu. Bir neçə gün öncə ailəsi ilə birgə Amerikaya üz tutan Messi nəhayət ki, yeni klubunun düşərgəsinə qoşulub və transfer tamamlanıb.
Xatırladaq ki, Lionel Messi 2021-ci ilin avqust ayından Fransanın PSJ klubunda forma geyinirdi. Təcrübəli oyunçu Paris təmsilçisində 75 matçda 32 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, Fransa nəhəngi ilə 2 dəfə ölkə çempionu olub, bir dəfə super kubok qazanıb.
İspaniyanın “Barselona” klubunun yetirməsi olan Lionel 2004-2011-ci illər aralığında məhz Kataloniya təmsilçisinin uğurları üçün çalışıb. O, bu komandada 778 matça çıxıb, 672 qola imza atıb və 303 məhsuldar ötürmə müəllifi olub. Messi doğma klubu ilə çoxsaylı titullara və rekordlara imza atıb. O, Argentina milli komandasında da 175 oyuna çıxıb, 103 qola imza atıb.
Sonda onu da xatırladaq ki, “İnter Mayami”nin sahibi İngiltərə milli komandasının sabiq ulduzu Devid Bekhemdir. Komandanın baş məşqçisi isə Messinin həmyerlisi, bir müddət öncə bu posta gətirilən Xerardo Martinodur.


