Milan “İnter”i İspaniya çempionu “Barselona”nın və Fil Dişi Sahili yığmasının yarımmüdafiəçisi Frank Kessye ilə maraqlanır.
Arena.az bu barədə “Sport.es” portalına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Milan klubu Kessye müqabilində iki futbolçusunu – müdafiəçi Denzel Dumfris və yarımmüdafiəçi Xoakin Korreanı Kataloniyaya göndərməyə hazırdır.
Öz növbəsində bu təklif “Barselona”nı razı salmayıb. Kataloniyalılar Dumfris və Korreanın əvəzinə dayaq yarımmüdafiəçisi Marselo Brozoviçi almağa üstünlük verirlər. Görünür Kataloniya klubu Brozoviçi almaqla, mövsümün bitməsilə komandadan gedişini bəyan etmiş Serxio Busketsin yerini doldurmağı nəzərdə tutub.
2022/2023 mövsümündə Kessye “Barselona”nın heyətində 43 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə ilə fərqlənib. Kessye İspaniya La Liqasını və ölkə super kubokunu qazanmaqla yanaşı, “el-klasiko”da qələbə topunun müəllifidir.
“Transfermarkt” internet-portalı Frank Kessyeni 28 milyon avro məbləğində qiymətləndirir.


