İspaniya Kralı VI Filippdən zədəli Qaviyə dəstək

İspaniya Kralı, Zati-aliləri Felipe Xuan Pablo Alfonso de Todos los Santos de Burbon və Qresiya – VI Filipp diqqəti ilə gündəmə gəlib.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

VI Filipp İspaniya yığmasının və “Barselona”nın ötən payız zədələnmiş yarımmüdafiəçisi Qavi ilə görüşü zamanı futbolçuya dəstək nümayiş etdirib.

Kral və 19 yaşlı gənc futbolçu Loret-de-Marda keçirilmiş ictimai əhəmiyyətli tədbirlərin birində görüşüblər:

“Bazar günü Berlində keçiriləcək finalda görüşənədək. Sən bu komandanın bir parçası olduğun üçün, finalı buraxa bilməzsən”, deyə VI Filipp zədəli gənc futbolçuya diqqət və dəstək nümayiş etdirib.

Xatırladaq ki, Qavi ötən ilin noyabr ayında AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniya yığmasının Gürcüstan millisi ilə keçirdiyi oyunda (3:1) zədələnərək, uzun müddətə sıradan çıxıb. Gənc futbolçu dizin çarpaz bağlarının qopması ilə üzləşib. O, hazırda ağır zədəsinin bərpası ilə məşğuldur.

AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: