Futbol üzrə Mərakeş millisinin və “Fulhem”in mərkəz müdafiəçisi İssa Diop bundan sonra İngiltərənin “İpsviç Taun” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə “İpsviç Taun”un mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər arasında imzalanan müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transferin dəyəri 10 milyon avro təşkil edib.
28 yaşlı müdafiəçi 2022-ci ilin avqust ayında “Vest Hem”dən 17,8 milyon avro müqabilində “Fulhem”ə keçmişdi. O, ötən mövsüm bu komandanın heyətində bütün turnirlərdə 18 oyuna çıxıb və 1 qol vurub. Diopun “Fulhem”in heyətindəki ümumi statistikası belədir: 96 oyun, 3 qol və 1 assist.
İssa Diop vaxtilə Fransanın “Tuluza” klubunun da uğurları üçün çalışıb. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb. Bu üzdən də müdafiəçi 2026-cı ilin əvvəlindən Mərakeş yığmasının formasını geyinməyə başlayıb. Diop bu il DÇ-2026-da da iştirak etmiş Mərakeş millisinin heyətində 9 oyuna çıxıb, 1 qol vurub.


