“Milan”ın fransalı qapıçısı Mayk Menyan A Seriyasının 21-ci turu çərçivəsində baş tutan “Udineze” ilə səfər matçında irqçiliklə üzləşib.
Arena.az məlumat verir ki, ötən gecə keçirilmiş oyunun birinci hissəsinin sonunda “rossoneri”nin qapıçısı “Udineze” azarkeşlərinin davranışından hakim Fabio Mareskaya şikayət edib.
Görünür, “Udineze”nin qabiliyyətsiz azarkeşləri fransalı qapıçıya irqçi təhqirlər ünvanlayıblar. Mayk Menyan bu barədə hakimə məlumat verib, bundan sonra komanda yoldaşlarından dəstək sözlərini qəbul edib. Ancaq görünür, azarkeşlərin “ədəbi” yenə özünü büruzə verib və bu dəfə qapıçı meydanı tərk edərək paltardəyişmə otağına yollanıb. Menyanın qətiyyətli münasibətinə görə, onun oyuna qayıtmaq fikri olmayıb. Komanda yoldaşları qəlbi qırılmış Menyana dəstək nümayiş etdirərək, nəhayət ki, onun yenidən meydana qayıtmasına nail olublar.
Komanda yoldaşları tribunalaraltı məkanda qapıçını mühasirəyə alıb, sözün əsl mənasında oyuna qayıtması üçün Menyana yalvarıblar. Eyni zamanda “Udineze”nin bir neçə futbolçusu tribunalara yaxınlaşaraq yerli azarkeşlərdən sakitləşməyi xahiş ediblər.
Bir müddət sonra Menyanı oyuna qayıtmağa razı salmış “Milan” tam heyətlə meydana qayıdıb. Həmin məqamda “rossoneri” 1:0 hesabı ilə öndə olub. Amma meydan sahibləri oyun tarazlığı pozulmuş “Milan”ın qapısına iki top vura biliblər. Buna rəğmən, “Milan” oyunun son dəqiqələrində geridönüşlə oyunu çevirib, əsas vaxta əlavə edilmiş 3-cü təzminat dəqiqəsində (90+3) isə qələbəni qoparıb – 3:2.
Oyundan sonra İtaliya mətbuatı “Udineze” azarkeşlərinin davranışını kəskin tənqid edib. Hazırda bu məsələ İtaliya futbol rəhbərliyinin baxışındadır. Nizam-intizan komitəsinin cəzasının qaçılmaz olduğu vurğulanır. İşə hətta FIFA müdaxilə edib.


