İvan Yuriç “Torino”dan ayrılacağını açıqladı

“Torino”nun baş məşqçisi İvan Yuriç İtaliya A Seriyasının cari mövsümünün sonunda Turin komandasını tərk edəcəyini açıqlayıb.

Arena.az xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Yeni müqaviləyə razılıq verməklə, siz ona əməl etməyə və onu sona qədər işləməyə borclusunuz. Bu barədə isə əmin deyiləm. Bunu mövsümün bitməsinə üç tur qalmış anladım və onu bağlamamağa qərar verdim”, deyə Yuriç səmimi etiraf edib.

Qeyd edək ki, Yuriç 2021-ci ilin may ayından “Torino”ya rəhbərlik edir. 48 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 120 oyuna çıxarıb. Turin təmsilçisi bu görüşlərdə 44 qələbə qazanıb, 36 heç-heçə edib, 40 məğlubiyyətlə üzləşib.

Yuriçin rəhbərlik etdiyi kollektiv cari mövsümdə 38 oyuna çıxıb. Turinlilər bu görüşlərdə 13 qələbə, 14 heç-heçə, 11 məğlubiyyət görüblər. “Torino” İtaliya A Seriyasında 36 oyuna 12 qələbə qazanıb, 14 heç-heçə edib, 10 oyundan xalsız ayrılıb. Komanda 50 xalla 10-cu pillədə qərarlaşıb.

İvan Yuriç daha öncə İtaliyada “Verona”, “Cenoa”, “Krotone”, “Mantova” kimi komandalara da rəhbərlik edib.