Azərbaycan güləşçisi Jalə Əliyeva Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunmuş Reytinq Seriyasının 3-cü mərhələsində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, yarışın ikinci günündə 2 qadın güləşçimiz mübarizə aparıb.
57 kq-da mübarizə aparan Jalə Əliyeva 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Jalə axşam seansında türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb. Rəqibinə 8:4 hesabıyla qalib gələn Jalə üçüncü yeri tutub.
Elis Manolova (62 kq) isə ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya “tuş”la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksələ bilmədiyi üçün Elis mübarizəni dayandırıb.
Xatırladaq ki, bu turnirdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov da ədaləti qoruyur.


