Jeffinyo üçün 10 milyon avro ödədi – Lion “Olimpik”i

Braziliyanın “Botafoqo” klubunun hücumçusu Jeffinyo (Cefferson Ruan Pereyra dos Santos) Lion “Olimpik”inə (Fransa) transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransa klubu bu transfer üçün “Botafoqo”ya 10 milyon avro ödəyib. 23 yaşlı forvardla 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Jeffinyo 2022-ci ilin avqustundan formasını geyindiyi “Botafoqo”da 26 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə verib. “Resende”nin yetirməsi olan braziliyalı hücumçu “Qama”da icarədə də oynayıb.

Lion “Olimpik”i müdafiəçisi Damien Da Silva ilə də yollarını ayırıb. Fransadan olan 34 yaşlı futbolçu Avstraliyanın “Melburn Viktoriya” klubuna keçib. 2021-ci ildən “Olimpik”də çıxış edən müdafiəçi bu komandada 29 matç keçirib. O, daha öncə “Renn”, “Kan”, “Klermon”, “Ruan”, “Şatoru” və “Nyor” kimi klubların da uğurları üçün çalışıb.

Lion təmsilçisi Almaniyadan olan qapıçısı Yulian Pollersbeki də “Loryan”a icarəyə verib. 28 yaşlı qolkiperin bu mövsümün sonuna kimi sözügedən klubda forma geyinəcəyi açıqlanıb. O, “Olimpik”də cəmi 11 oyun keçirib. Almaniyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində “Kayzerslautern” və “Hamburq” klublarında da çıxış edib.

“Loryan” da hücumçusu Adrian Qrbiçi “Valensyen”ə icarəyə verib. 2022-ci ildə “Vitess”də də icarədə oynamış 26 yaşlı forvard bu mövsümün sonuna kimi “Valensyen”də çıxış edəcək. O, 2020-ci ilin yayında 9 milyon avro qarşılığında transfer olunduğu “Loryan”da 55 oyuna 6 qol vurub. Avstriya yığmasının üzvü daha öncə “Klermon”, “Altax”, “Floridsdorfer” və “Ştutqart”da da oynayıb. O, millidə 9 oyuna 4 qol vurub.

“Loryan” Norveçin “Bodo Qlimt” klubundan Joel Muqişa Mvukanı transfer edib. Bu keçidə görə Norveç klubuna 5.5 milyon avro ödənilib. 20 yaşlı forvardla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. Amma norveçli hücumçunun bu mövsümün sonuna kimi “Bodo Qlimt”də icarədə qalmasına qərar verilib. O, Fransa klubuna yayda qoşulacaq. Peşəkar karyerasına “Asane”də başlamış futbolçu “Bodo Qlimt”ə 2021-ci ilin avqust ayında keçib. O, bu komandada 64 oyuna 4 qol vurub, 12 məhsuldar ötürmə edib. Forvard hazırda Norveçin U-21 yığmasına da dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: