Jerar Pike karyerasını başa vurdu

Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın müdafiəçisi Jerar Pike futbolçu karyerasını başa vurub. Arena.az xəbər verir ki, ötən gecə La Liqanın 13-cü turu çərçivəsində “Kamp Nou” stadionunda keçirilmiş “Almeriya” ilə matç (2:0) 35 yaşlı oyunçunun karyerasında son qarşılaşması olub.

Pike sözügedən görüşdə start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. O, son oyununda göz yaşlarını saxlaya bilməyib.

Təcrübəli oyunçunun klubu ilə müqaviləsinin başa çatmasına hələ 18 ay qalsa da, bir neçə gün öncə futboldan getməyə qərar verdiyini açıqlamışdı.

Xatırladaq ki, Jerar Pike “Barselona”nın yetirməsidir. O, 2004-cü ildə Kataloniya təmsilçisindən ayrılaraq İngiltərənin “Mançester Yunayted” klubuna keçib. İspaniya millisinin sabiq üzvü 2006/07 mövsümündə “Real Saraqosa”da bir illik icarədə də olub. 2008-ci ildə isə o, yenidən Kataloniya klubuna qayıdıb. Pike “Mançester Yunayted”də 23 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Mərkəz müdafiəçisi “Real Saraqosa”da da 28 oyunda 3 qolla yadda qalıb. “Barselona”da da 616 matç keçirmiş futbolçu, bu görüşlərdə 53 qola imza atıb, 15 məhsuldar ötürmə müəllifi olub.

Pike İspaniya yığmasında da 102 oyun keçirib, 5 qol vurub. Milliyə 2018-ci ildə vida edən müdafiəçi, DÇ-2010 və AÇ-2012-nin qalibi olub.

İspaniyalı müdafiəçi Lionel Messi (778), Xavi Hernandes (767), Serxio Buskets (694) və Andres İnyestadan (674) sonra “Barselona” formasını ən çox geyinən beşinci futbolçudur. O, Messi (35) və İnyestanın (32) ardından “Barselona” ilə ən çox kubok qazanmış üçüncü oyunçudur. Pike bu klubla 30 titula sahib çıxıb.