Jerar Pike korrupsiya ittihamı ilə üz-üzə

“Barselona”nın və İspaniya yığma komandasının sabiq mərkəz müdafiəçisi Jerar Pike korrupsiya ittihamı ilə üz-üzədir.

Arena.az “La Vanguardia” dərgisinə istinadən məlumat verir ki, Maxadaonda şəhərinin 4 saylı İstintaq Məhkəməsi İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə korrupsiya əməliyyatlarında şübhəli bilinən Jerar Pikenin 89 bank hesabı ilə bağlı məlumatları tələb edib.

Mənbənin məlumatına görə, məhkəmə bank hesablarından başqa, keçmiş futbolçunun 27 şirkətinin də təhlilini tələb edib.

İspaniya Super Kubokunun təşkilinin Səudiyyə Ərəbistanına verilməsində Pikenin “Kosmos” şirkəti vasitəçilik edib. Bu, hazırda cinayət işi üzrə araşdırma aparılan ən mübahisəli müqavilələrdən biridir. Bununla əlaqədar olaraq, məhkəmə keçmiş futbolçunun hesabları üzrə bütün bank əməliyyatlarını öyrənmək niyyətindədir.

Daha əvvəl məlum olub ki, İspaniya Super Kubokunu keçirməyə görə İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesin, Jerar Pikenin nəzarətində olan şirkətə 24 milyon avro məbləğ ödənilməsi üçün Səudiyyə Ərəbistanı hakimiyyətinə təzyiq göstərdiyini təsdiqləyən sənədlər var.

Bu sövdələşmənin bağlanması zamanı korrupsiya və çirkli pulların yuyulması əlamətlərinin olduğu vurğulanıb. Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, İspaniya Kral Futbol Federasiyası hər il 40 milyon avro məbləğində qazanc əldə edir.

Xatırladaq ki, Jerar Pike futbolçu karyerasını 2023-cü ilin yanvarında bitirib. “Barselona”nın yetirməsi olan keçmiş futbolçu “blauqrana”nın gənclər komandasından dərhal “Mançester Yunayted”ə keçib və dörd il sonra Kataloniya nəhənginin düşərgəsinə qayıdıb. Pike “Barselona”nın heyətində bütün yarışlarda ümumilikdə 616 oyun keçirib, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Sabiq müdafiəçi “Barselona” ilə 9 dəfə İspaniya La Liqasının, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Pike həmçinin “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.

Eyni zamanda, Pike İspaniya yığması ilə DÇ-2010-da və AÇ-2012 də çempion olub.

Vurğulayaq ki, Pike İspaniya Sequndasında çıxış edən “Andorra” klubunun da sahibidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: