Jeremi Boqa “Atalanta”nı “Nitsa”ya dəyişdi – 18 milyon avroya

Futbol üzrə Kot-d’İvuar milli futbol komandasının və “Atalanta”nın hücumameyilli yarımmüdafiəçisi Jeremi Boqa “Nitsa”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Liqa 1 təmsilçisi bu transferə görə 18 milyon avrosundan keçib. 26 yaşlı vinger Fransa klubu ilə 4 illik müqaviləyə imza atıb.

Jeremi Boqa 2022-ci ilin yanvarından “Atalanta”nın uğurları üçün çalışırdı. O, İtaliya klubunun heyətində 47 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Boqa “Sassuolo”, “Birmingem Siti”, “Renn”, “Qranada” və “Çelsi”də də forma geyinib. O, Kot-d’İvuar yığmasında da 12 oyun keçirib, 1 qol vurub.

“Nitsa” İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Morqan Sansonu da transfer edib. 28 yaşlı fransız satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.

Morqan Sanson 2021-ci ilin yanvarında Marsel “Olimpik”indən 15,8 milyon avroya keçdiyi “Aston Villa”da 23 oyuna çıxıb, 1 qol vurub. O, Marsel “Olimpik”indən başqa “Monpelye”, “Le Man”, “Strasburq” kimi klubların da formasını geyinib, Fransanın U-19 və U-21 yığmalarında oynayıb.

“Nitsa” öz yarımmüdafiəçisi Kelvin Stenqsi də “Feyenord”a satıb. Liqa 1 klubu bu transferdən 6 milyon avro qazanıb. Niderlandlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. O, “Nitsa”ya 2021-ci ilin iyulunda 15 milyon avro qarşılığında “Alkmar”dan gəlmişdi. 24 yaşlı futbolçu Fransa klubunda cəmi 32 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. O, “Nitsa” və “Alkmar”dan başqa “Antverpen”də də forma geyinib, Niderland milli komandasında 7 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: