Jerom Boatenq yenidən “Bayern”ə qayıdır

Qanaəsilli almaniyalı mərkəz müdafiəçisi Jerom Boatenq yenidən Alamniya nəhəngi “Bayern”in heyətinə qayıda bilər.

Arena.az bu barədə jurnalist Florian Plettenberqə istinadən məlumat verir.

Alman klubunun rəhbərliyi futbolçunun geri qayıtmasında maraqlıdır. Artıq tərəflər arasında ilkin danışıqlar baş tutub. Danışıqların növbəti mərhələsi qarşıdakı günlərə təyin edilib. Veteran futbolçunun Münhen klubuna dönüşü demək olar ki, yekunlaşıb.

Jurnalist Kerri Haunun yaydığı məlumata görə, dünən, oktyabrın 1-də Boatenq “Bayern”lə ilk məşqdə iştirak etməli idi. Belə ki, təcrübəli müdafiəçi “Bayern”in sentyabrın 30-da “Leypsiq”ə qarşı Bundesliqanın 6-cı turu çərçivəsində keçirilmiş oyunda (2:2) meydana çıxmayan futbolçular üçün təşkil edilmiş məşqə qatılmalı idi.

Xatırladaq ki, Jerom Boatenq 2021-ci ilin sentyabrında “Bayern”i azad agent qismində tərk edərək Lion “Olimpik”inə keçmişdi. Jerom cari ilin iyulundan yenidən azad agent qismindədir və bir daha yüksək səviyyədə futbol oynamağa iddialıdır. “Bayern”in skautlarının məhz bu səbəbdən Boatenqin xidmətində maraqlı olduğu vurğulanır.

Boatenq “Olimpik”də ümumilikdə 35 oyun keçirib, 2 məhsuldar ötürmə verib. Geridə qalmış mövsümdə isə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 8 oyunda meydana çıxıb. Təcrübəli oyunçu “Tennis Borussiya Berlin”, “Herta”, “Hamburq” və “Mançester Siti”də çıxış edib. Məhz “Mançseter Siti”dən 2011-ci ilin iyulunda 13,5 milyon avro qarşılığında “Bayern”ə keçmiş Boatenq 10 il münhenlilər üçün çalışıb.

“Bayern”də çıxışı müddətində Boatenq 363 oyun keçirib, 10 qol vurub, 25 məhsuldar ötürmə verib. Boatenq karyerasında qənimətlərin böyük əksəriyyətini məhz “Bayern”lə qazanıb. Jeromun qənimətlər muzeyində 9 Bundesliqa çempionluğu, 5 Almaniya Kuboku, 5 Almaniya Super Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FIFA Klub Dünya Kuboku var. Üstəlik, Boatenq 2016-cı il üçün Almaniyada ilin futbolçusu seçilib.

Boatenq 2009-cu ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 76 oyun keçirib, 1 qol vurub, 5 məhsuldar ötürmə verib. Jerom “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı Jerom Boatenqi 800 min avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Jerom Boatenq qanalı yarımmüdafiəçi Kevin-Prins Boatenqin ögey qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: