İsveçrə millisinin və Almaniyanın “Frayburq” klubunun yarımmüdafiəçisi Joan Manzambi bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, İngiltərə klubu Manzambini Almaniyanın “Frayburq”dan tamhüquqlu əsasda transfer etdiyini rəsmən açıqlayıb.
20 yaşlı futbolçu Birmingem təmsilçisi ilə daimi əsasda müqavilə imzalayıb və yeni komandasında 44 nömrəli forma ilə çıxış edəcək.
Transferin ümumi dəyəri bonuslarla birlikdə 59,5 milyon funt sterlinq (təxminən 70 milyon avro) təşkil edib. Bununla da Manzambi “Aston Villa” tarixinin ən bahalı transferi olub. Klubun əvvəlki transfer rekordu 2024-cü ildə Amadu Onana üçün ödənilmiş 50 milyon funt sterlinq idi.
İsveçrə millisinin heyətində 16 oyun keçirmiş Manzambi bu yay ABŞ, Kanada və Meksikada təşkil olunmuş 2026-cı il dünya çempionatında da ölkəsinin şərəfini qoruyub.
Joan Manzambi futbolçu karyerasına İsveçrənin “Servett” akademiyasında başlayıb, daha sonra isə “Frayburq”un akademiyasında yetişib. Gənc yarımmüdafiəçi ötən mövsüm “Frayburq”un Avropa Liqasının finalına yüksəlməsində əsas fiqurlardan biri olub. O, yarımfinalda vurduğu qolla komandasının həlledici görüşə vəsiqə qazanmasına mühüm töhfə verib. Uğurlu çıxışına görə Manzambi Avropa Liqasında mövsümün ən yaxşı gənc futbolçusu seçilib.



