Jordi Alba “İnter Mayami” ilə müqaviləsini yenilədi

Amerika Birləşmiş Ştatlarının “İnter Mayami” klubunun ispan müdafiəçisi Jordi Alba MLS təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 36 yaşlı müdafiəçi 2027-ci ilin sonuna kimi Mayami təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Alba “İnter Mayami”yə 2023-cü ildə “Barselona”dan (İspaniya) keçib. O, bu mövsüm meydana çıxdığı 18 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Albanın “İnter Mayami”nin heyətindəki ümumi göstəriciləri isə belədir: 69 oyun, 8 qol və 22 məhsuldar ötürmə.

Albanın klub karyerasının ən parlaq dövrü “Barselona”dakı çıxışı ilə əlamətdardır. Kataloniya nəhəngi ilə Jordi Alba bütün mümkün klub turnirlərinin dəfələrlə qalibi olub: 6 dəfə İspaniya çempionatını, 5 dəfə İspaniya Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb. O, “Barselona”da 459 oyun keçirib, 27 qol və 99 assist müəllifi olub.

Alba vaxtilə “Valensiya” və “Ximnastik”in də formasını geyinib.

36 yaşlı Alba 2011-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının heyətində təxminən 12 il forma geyinib. O, bu müddətdə yığmada 93 oyun keçirib, 10 qol vurub, 22 məhsuldar ötürmə verib. Alba İspaniya yığması ilə Avropa çempionatını (2012), UEFA Millətlər Liqasını (2023) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: