Bu yay Türkiyənin “Fənərbaxça” klubundan ayrılan portuqaliyalı Jorje Jezus “Əl-Hilal”ın baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Əməkdaşlığın təfərrüatları açıqlanmır. Amma mətbuat tərəflərin 1 illik müqaviləyə imza atdığını yazır.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis daha öncə də “Əl-Hilal”a rəhbərlik edib. 68 yaşlı məşqçi 2018/2019 mövsümündə bu komandanı 25 oyuna çıxarıb. Bu görüşlərdə 20 qələbə qazanmış “Əl-Hilal”, 4 heç-heçə edib, cəmi 1 məğlubiyyətə üzülüb. Ər-Riyad təmsilçisi onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı Super Kubokunu qazanıb.
Jorje Jezus 2022-ci ilin iyun ayından “Fənərbaxça”nı çalışdırırdı. İstanbul təmsilçisi onun rəhbərliyi altında 52 oyun keçirib. Komanda bu görüşlərdə 35 qələbə qazanıb, 10 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. “Sarı-lacıvərdlilər” Super Liqada 80 xalla gümüş medal qazanıblar. Bu komanda çempion “Qalatasaray”dan 8 xal geri qalıb. “Beşiktaş” 78 xalla üçüncü olub. “Fənərbaxça” təcrübəli mütəxəssisin rəhbərliyi altında Türkiyə Kubokunun qalibi olub.
Portuqaliyalı məşqçi ölkəsində “Benfika”dakı uğurlarına görə tanınıb. O, “Flamenqo”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Unian Leyriya”, “Moreyrense”, “Vitoriya Gimaraynş” kimi klublarda da baş məşqçilik edib.
Yeri gəlmişkən, 2022-ci ilin avqustunda “Əl-Əhli”dən icarə əsasında “Fənərbaxça”ya keçmiş Ezcan Alioski İstanbul təmsilçisi ilə vidalaşıb. Bir mövsümlük icarəyə götürülmüş 31 yaşlı futbolçunun icarə müddəti bitdiyi üçün İstanbul klubundan ayrılıb. O, bu komandanın heyətində 26 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


