Jorje Jezus Neymarın səhhəti haqda məlumat verdi

“Əl-Hilal”ın baş məşqçisi Jorje Jezus komandasının braziliyalı ulduz hücumçusu, zədəli Neymarın vəziyyəti ilə bağlı sualı cavablayıb.

Arena.az “Goal” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Neymar təkcə “Əl-Hilal” üçün deyil, bütövlükdə Səudiyyə Ərəbistanı Liqası üçün çox vacib oyunçudur. Amma onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Yanvarda onun vəziyyətini yenidən qiymətləndirəcəyik”, deyə Jorje Jezus bildirib.

Xatırladaq ki, bundan əvvəl, braziliyalı ulduzun 2024-cü ildə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının oyunlarında iştirak etmək üçün qeydiyyatdan keçmədiyi bildirilib. Çox güman ki, Neymarın sıraya qayıtması 2025-ci ilin yanvarından tez baş tutmayacaq.

Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Zədədən sağalmış Neymar tibbi və fiziki müəayinələrdən keçə bilmədiyi üçün bərpasına davam etmək zərurəti ilə üzləşib.

Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: