Jorjinyo Rutter 28 milyon avroya “Lids”ə keçdi

Almaniyanın “Hoffenhaym” klubu fransalı hücumçusu Jorjinyo Rutter ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 20 yaşlı forvard İngiltərənin “Lids” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Fransalı forvard yeni klubu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. “Lids” bu transfer üçün Almaniya klubuna 28 milyon avro ödəyib.

Jorjinyo Rutter Fransanın “Renn” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında cəmi 750 min avro qarşılığında “Hoffenhaym”a keçmişdi. Gənc hücumçu Bundesliqa təmsilçisində keçirdiyi 64 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rutter Fransanın U-16, U-17, U-18, U-20 və U-21 yığmalarında da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: