Joze Mourinyo “antimourinyoizm” ifadəsini işlədib izahını verdi

“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo onun uğursuzluğuna sevinən insanlardan danışaraq maraqlı ifadələr işlədib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, “Mour” “mourinyoizm” və “antimourinyoizm” ifadələrini işlədib və bunların nəyi ifadə etdiyini izah edib:

“Antimourinyoizm mövcuddur. Xüsusən də iki klubun olduğu “Roma”da. Mourinyoizm mənim nələrə nail olduğumu bilən insanlar tərəfindən qəbul edilir. Antimourinyoizmlə isə “Roma” qənimətlər qazanmayanda, Avropada uğur qazanmayanda həmişə sevinənlər gedirlər. Onlar radioda əylənirlər – bu, normaldır.

Antimourinyoizm satlıqdır, mourinyoizm isə həyat tərzidir. Mən bunu ona görə deyirəm ki, bütün dünyanın hər nöqtəsində, küçələrdə mənimlə və həyat tərzimlə eyniləşən insanları görürəm”, deyə Mourinyo özünənməxsus fəlsəfə ilə fikrini tamamlayıb.

Hazırda “Mour”un çalışdırdığı “canavarlar” İtaliya A Seriyasında keçirdikləri 8 turdan sonra 11 xal toplayıblar. Onun komandası turnir cədvəlinin tən ortasında – 10-cu pilləsində lövbər salıb.

Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).

Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Son vaxtlar uğursuzluq zolağına düşmüş Mourinyo “Roma”nın sahibi Den Fridkinin hədəfindədir. Prezident portuqal mütəxəssisi vəzifəsindən azad etmək fikrinə də düşüb. Amma mətbuatın yazıdığına görə komandada çox böyük nüfuzu olan “Mour”a “diş atıb” dişsiz qalacağından ehtiyatlanaraq, tələskən qərarından daşınıb və komanadnın çıxışını tarazlamaq üçün möhlət verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: