İtaliya Futbol Federasiyası “Roma” komandasının Portuqaliyadan olan baş məşqçisi Joze Mourinyo barədə çıxardığı qərarı müvəqqəti ləğv edib. Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, portuqaliyalı mütəxəssis A Seriyasının 25-ci turu çərçivəsində baş tutacaq “Yuventus”la oyunda komandasına rəhbərlik edə biləcək.
Xatırladaq ki, Joze Mourinyo İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçda (1:2) hakimlərlə mübahisə etdiyi üçün 2 oyunluq diskvalifikasiya olunmuşdu. O, həm oyunun gedişi zamanı hakimləri təhqir etmiş, həm də görüşdən sonra hakimlər otağına daxil olaraq onlarla mübahisə etmişdi. Bütün bunlara görə İtaliya Futbol Federasiyası təcrübəli məşqçini 2 oyunluq cəzalandırmışdı. Belə olan halda o, həm “Yuventus”la, həm də növbəti turda texniki zonada yer almamalı idi.
Lakin “Roma” baş məşqçisinin bu cəzası ilə bağlı apellyasiya şikayəti verib. Paytaxt klubu iddia edib ki, Mourinyonun özünü belə aparmasının səbəbi 4-cü hakimin təxribatı olub. Bu üzdən də İtaliya Futbol Federasiyası bu mübahisəli vəziyyəti tam araşdırana qədər cəzanın dayandırılması barədə qərar qəbul edib. Federasiyaya məşqçi ilə hakim arasında baş vermiş mübahisəni araşdırmaq üçün müəyyən qədər vaxt lazım gələcək. İtaliya mətbuatı bu barədə yekun qərarın gələn həftə açıqlanacağını yazıb.
Xatırladaq ki, Bu gün keçiriləcək “Roma” – “Yuventus” oyununa saat 23:45-də start veriləcək. “Canavarlar” bu mövsüm A Seriyasında 24 oyuna topladıqları 44 xalla 5-ci, “Yuventus” isə 35 xalla 7-ci pillədə qərarlaşıb. Lakin Turin klubunun hesabından məlum səbəblərdən 15 xal silinib.
Mourinyo bu mövsüm üçüncü dəfədir qırmızı vərəqə ilə cəzalanıb. O, daha öncə iki dəfə texniki zonadan uzaqlaşdırılıb və bir neçə oyunu tribunadan izləmək məcburiyyətində qalıb. Onun budəfəki cəzasının qüvvədə qalıb-qalmayacağı isə dəqiq bilinmir.


