“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo yenidən özünməxsus surətdə, bu dəfə “köhnə palan içi eşməklə” gündəmə gəlib.
Arena.az xəbər verir ki, “Mour” komandasının “Sevilya”ya penaltilər seriyasında məğlub olduğu (əsas və əlavə vaxt: 1:1, penaltilərlə: 1:4) Avropa Liqasının 2022/2023 mövsümünün final oyunu haqda danışıb:
“Mən bunu “Roma”nın baş məşqçisi vəzifəsində son günümə qədər təkrarlayacağam – Avropa Liqasının finalında “Sevilya”ya uduzmadıq. Biz Budapeştdəki o finalda məğlub olmadıq və mən fikrimi dəyişməyəcəyəm!”, deyə Joze Mourinyo vurğulayıb.
Xatırladaq ki, həmin final oyununu idarə etmiş ingilis baş hakim Entoni Teylor “Roma”nın futbolçularına yeddi sarı vərəqə göstərib. Oyundan sonra baş hakimin idarəçiliyindən narazı qalmış “Mour” stadionun dayanacağında Teylora yaxınlaşıb onu satirik üslubda “gözəlcə” təhqir etmişdi. UEFA-nın müvafiq məsələni araşdırmasından sonra 60 yaşlı portuqal mütəxəssisə cəza kimi, 2023/2024 mövsümünün dörd avrokubok oyununda baş məşqçi kimi iştirak qadağan edilib.
Beləliklə, “Roma” Avropa Liqasında qrup mərhələsinin oyunlarının yarıdan çoxunda (altı oyundan dördündə) baş məşqçi kimi komandasına bilavasitə yardım edə bilməyəcək. Mourinyosuz romalıları Çexiya “Slaviya”sı ilə iki oyun, həmçinin “Şerif” və “Servett”in hər biri ilə bir oyun gözləyir.


