“Fənərbağça”nın 62 yaşlı portuqal baş məşqçisi Joze Mourinyo yer üzündə ən çox sevmədiyi məqamla üz-üzə qalıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, “Mour” “Fənər”in heyətində ilk məşqçi nəzərdə tutulmuş futbolçularından birinin intizamsızlığına şahidlik edib.
Belə ki, “Fənərbağça”nın yeni transferi, “Əl-Nəsr”dən icarəyə götürülmüş 21 yaşlı kolumbiyalı mərkəz hücumçusu Con Duran məşqə gəlməyib. Bu məqam sərt nizam-intizam tərəfdarı olan “Mour”u cin atına mindirib, amma portuqal məşqçi özünəxas təmkinlə vəziyyəti şərh edib:
“Bu, hörmətsizlikdir. Dəqiq qayda-qanun var ki, ona riayət etməyənlər bunun nəticəsi ilə üzləşəcəklər. Biz onunla söhbət aparacağıq… Əgər, əlbəttə, o, peyda olsa…”, deyə “Mour” intizamsız Duranın “başına oyun açacağını” xüsusi intonasiya ilə təbəssümlə vurğulayıb.
Xatırladaq ki, “Fənərbağça” Duranı 1 illik icarə əsasında heyətinə qatıb. Müqaviləyə əsasən, kolumbiyalı oyunçunun maaşını bu müddət ərzində “Fənərbağça” ödəyəcək.
Türkiyə mətbuatı təxmin edir ki, Duran məşqə çıxmamasına tutarlı əsas gətirə bilməsə, Joze Mourinyo gənc futbolçuya güzəştə getməyəcək. Portuqal mütəxəssis daha əvvəl məhz intizamsızlıq səbəbilə xeyli ulduzu “söndürməsi” ilə məşhurdur.


