Joze Mourinyo: “Günü sabah məşqçiliyə başlamağa hazıram”

Məşhur portuqal mütəxəssis Joze Mourinyo uyğun təklif alan kimi yenidən işə başlamağa hazır olduğunu bildirib.

Arena.az AS dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən məşqçilik etmək istəyirəm, ümidvaram. “Roma”da işləmək heyrətamiz idi, çünki əvvəllər heç vaxt buna nail olmayan klubda iki il ərzində iki Avropa kuboku finalına yüksəldik. İndi mən uyğun anı gözləməliyəm. Mümkün olsa, günü sabah məşqçiliyə başlamağa hazıram, amma pis qərar vermək də istəmirəm”, deyə “Mour” vurğulayıb.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.
Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: